Bakı – APA. Noyabrın 24-25-də Bakıda “Caspian Engineers Society”nin təşkilatçılığı ilə gənc mühəndislərin forumu keçiriləcək.
Bu barədə APA-ya Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondundan məlumat verilib.
Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən və dəstəklənən forumun əsas məqsədi ölkəmiz üçün aktual olan mühəndisliklə bağlı təhsil, texnoloji inkişaf və sənaye kimi mövzuların müzakirəsidir. Forum eləcə də gənc mühəndislərin şəbəkəsinin genişləndirilməsi üçün geniş imkanlar yaradacaq. Belə ki, forumda nəinki mühəndislik üzrə təhsil alan tələbələr, həm də bu sahə üzrə artıq işləyən gənc mütəxəssislər də iştirak edəcəklər.
Forumda Azərbaycanda mühəndisliyin inkişafı üçün aktual olan mühəndislik təhsili, akkreditasiya və ixtisasa yiyələnmə istiqamətləri, gənc mühəndislərin inkişaf yolu və inkişaf proqramları, mühəndislik təcrübələri kimi məsələlərə toxunulacaq. Həmçinin layihələrdə mühəndislik potensialının, texniki bütövlük və proseslərin təhlükəsizliyi strategiyaları forumun müzakirə obyekti olacaq. Forumun məqsədlərindən biri də müxtəlif şirkətlərdə işləyən gənc mühəndislərin ixtisaslar üzrə şəbəkəsini qurmaqdır. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Milli Mühəndislik Mükafatları təqdim olunacaq və Həmid Həbib təqaüdünün qalibinin adı açıqlanacaq.
Tədbirdə FEANİ, İChemE, UK EngC, ASIIN, SEFİ, TMMOB kimi beynəlxalq mühəndislik təşkilatlarının vitse-prezidentləri, mühəndislik universitetlərinin bir çox professorları, BP, SLB, ARDNŞ, “Azersun Holding”, “Azərsu”, “Azercell” və digər şirkətlərin mühəndisləri iştirak edəcəklər. Forumun rəsmi açılış mərasimində təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Azersun Holding”in prezidenti ALdulbori Goozal, ARDNŞ-ın vitse-prezidenti, BP-nin vitse-prezidenti, “Azərsu”nun sədr müavini, iştirak edəcəklər.
Tədbirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 10:30-da “Kempinski Badamdar Hotel”də keçiriləcək.