Bakı, Aqşin Rafiqoğlu - APA-Economics. “Ölkə başçısının müvafiq sərəncamı ilə korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı təsdiq edilib. Bu fəaliyyət planında dövlət müəssisələrində korporativ idarəetmə tətbiqinə dair təlimlərin keçirilməsi tapşırılıb”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda “Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı. Dövlət müəssisələrinin spesifikliyi” mövzusunda keçirilən seminarda iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.
O bildirib ki, buna uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Korporativ İdarəetmə Standartları hazırlanıb: “Bu standartlar hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb və Qlobal Korporativ Forumu tərəfindən yüksək qiymətləndirilərək Korporativ İdarəetmə sahəsində mükəmməl çərçivənin yaradıldığı bildirilib”.
Nazir müavini deyib ki, bu standartların əsas məqsədi təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin və idarəetmənin daha da təkmilləşdirilməsi, müəssisələrin effektiv idarə olunması, mükəmməl hesabatlılıq sisteminin təşkili, eyni zamanda daha çox investisiyaların cəlb edilməsi və müəssisələrin rentabelli fəaliyyətinin təmin edilməsidir: “Bu tapşırığın icrasına uyğun olaraq 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, dövlət müəssisələrinin nümayəndələri üçün keçirilən bu təlimlər səmərəli olacaq”.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ İdarəetmə sektorunun müdiri korporativ idarəetmənin mahiyyəti, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqinin xüsusiyyətləri, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə danışıb.
Qeyd edək ki, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqi ilə bağlı 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.