Bank Of Baku

Bakıda sahibkarlara 6 mln. dollardan artıq güzəştli kreditlər verilib

Bakıda sahibkarlara 6 mln. dollardan artıq güzəştli kreditlər verilib
# 28 iyun 2013 14:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində SKMF tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan istixana və zəfərançılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov hazırda ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulayıb və Bakının şəhərətrafı kənd və qəsəbələrində Dövlət Proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.

 

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Bakının ətraf kənd və qəsəbələrində sahibkarlara verilən güzəştli kreditlər, bu kreditlər hesabına reallaşdırılan layihələr, yeni yaradılan iş yerləri və həyata keçiriləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası dövründə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 536 investisiya layihəsinin maliyyələşdirilməsinə 129,7 mln. manat güzəştli kreditlər verilib. Bu layihələrin reallaşması 4 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 26 sahibkarlıq subyektinə 4,8 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR