Bakı. Əli Əhmədov – APA-Economics. Vercilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları paytaxtın Səbail rayonu, Bülbül prospekti,7 ünvanda yerləşən fiziki şəxs Elmira Alekseyevna Talıbovaya məxsus və Yasamal rayonu H.Hacıyev küçəsi,38 ünvanlarda yerləşən fiziki şəxs Kəmalə Tofiq qızı Mehdiyevaya məxsus qadın geyimləri mağazalarında əmlakı siyahıya alıblar.
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, icarə müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxs E.Talıbovanın fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 2 253 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, borcu ilə əlaqədar ona bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Mayın 17-də vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi ödəyicisi borcun 500 manatını yerindəcə ödəyib, qalan məbləğ müqabilində mağazadakı əmlak müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.
Vergi orqanları tərəfindən K.Mehdiyevanın fəaliyyəti araşdırılarkən onun isə 3 298 manat vergi borcunun yarandığı aşkar olunub. K.Mehdiyeva da borcun 500 manatını yerindəcə ödəyib, qalan məbləğ müqabilində mağazadakı geyim məhsulları müvafiq qaydada siyahıya alınıb.