Bank Of Baku

Bərdədə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Bərdədə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib
# 29 yanvar 2013 12:01 (UTC +04:00)

Bakı – APA-Economics. Bərdə rayonunda “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Bərdə və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd edib ki, “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən əhaliyə göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə Nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Bildirilib ki, Azərbaycan prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilin. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

 

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək” layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydaları, Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

 

Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat verib.

 

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR