Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən 4 saylı qəsəbədə «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Cəbrayıl rayonunun icra hakimiyyəti orqanlarının nümayəndələri və məcburi köçkün sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən qəsəbələr üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu istiqamətlərin sırasında kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması, kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli bağçılıq (nar) və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması yer alıb.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.