Bank Of Baku

Binəqədidə sahibkarlara 657 min manat güzəştli kredit verilib

Binəqədidə sahibkarlara 657 min manat güzəştli kredit verilib
# 30 avqust 2013 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində 32 sahibkarlıq subyektinə 657 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Tədbirdə 100-ə yaxın sahibkarın iştirak edib, sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

 

Tədbirdə çıxış edənlər - Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə, o cümlədən Binəqədi rayonunda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə görüləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat veriblər.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 594 investisiya layihəsinin maliyyələşdirilməsinə 139,4 mln. manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 49 layihənin maliyyələşdirilməsinə 131,6 mln. manat, digər sahələrin inkişafı ilə bağlı 8 layihənin maliyyələşdirilməsinə 1,2 mln. manat, kiçik həcmli 537 layihənin maliyyələşdirilməsinə isə 6,6 mln. manat güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlər 4 750-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 

Ş.Abdullayev 2013-cü ildə Fond tərəfindən həyata keçiriləcək layihələr, eləcə də sahibkarları maraqlandıran digər sualları cavablandırıb.

 

Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində illik istehsal gücü 16,9 min ton olan çörək zavodunun fəaliyyətinə də baxış keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR