Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Zaqatala rayonunun Aşağı Tala kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə SKMF tərəfindən Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksi, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Şəki-Zaqatala regional bölməsinin müdir müavini Tural Xəlilov «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Zaqatalada görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1 721 investisiya layihəsinin maliyyələşdirilməsinə 155,8 mln. manat güzəştli kredit verilib və bu kreditlərin reallaşdırılması 6 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Ş.Abdullayev həmçinin əlavə edib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 1 366 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 81,8 mln. manat kredit verilib.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 840 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, bağçılıq, xalçaçılıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 150-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.