Bank Of Baku

Bu il Azərbaycanda sahibkarlara 218 mln. manat məbləğində güzəştli kreditlər verilib

Bu il Azərbaycanda sahibkarlara 218 mln. manat məbləğində güzəştli kreditlər verilib
# 26 dekabr 2012 09:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Binəqədi rayonunun Xocasən qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

 

«APA-Economics»in məlumatına görə, 100-dək sahibkarın qatıldığı tədbirdə Binəqədi rayonunun, o cümlədən Xocasən qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir ət kəsimi, kiçik çörək istehsalı, tikiş və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.


Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Binəqədi rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

 

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2012-ci ildə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərinin və onun qəsəbələrində həyata keçirilən layihələrdən danışıb və bildirib ki, SKMF-in vəsaitləri hesabına bu il 2 419 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 218 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9 100-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlər hesabına son illər maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi 2012-ci ildə istifadəyə verilib. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasından ötən dövr ərzində SKMF-in vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2 900-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Verilmiş kreditlərin 68,1%-i aqrar sektorun, 31,8%-i sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib. Güzəştli kreditlərin 83%-i ölkə regionlarının, 17%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür».


Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 3 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Qeyd edək ki, 2012-ci il ərzində SKMF tərəfindən 200 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulsa da, əvvəllər verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitləri hesabına güzəştli kreditlərin ümumi həcmi nəzərdə tutulduğundan 9% çox olub və 218 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR