Bakı. Könül Kamilqızı - APA. Azərbaycan bazarında hələ də yodsuz və insan sağlamlığı üçün zərərli olan duzlara rast gəlmək olur. APA-nın xəbərinə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yodsuz duzun satışına dair aparılan monitorinq nəticəsində bu qənaətə gəldiklərini deyib.
O bildirib ki, bazarda xaricdən gətirilən duzlar ölkədə idxal olunan duzların 80%-ni təşkil edir. E.Hüseynovun sözlərinə görə, uzun illər Azərbaycan vətəndaşlarının orqanizmində yod çatışmazlığının olması insanların əqli inkişafına, qabiliyyətinin, immunitetin zəifliyinə, ölü körpələrin dünyaya gəlməsinə, ana ölümünə və digər hallara səbəb olub: “Ölkə ərazisində çoxsaylı tədbirlərin görülməsinə baxmayaraq, qanunla istehsalı, idxalı və satışı qadağan edilmiş duzlar bu gün də satılır və istehsal müəssisələrində istifadə edilir. Hətta ən nüfuzlu supermarketlərdə satışı qadağan olunmuş duzlar var. Bundan əlavə, Ukraynanın “Artyomsol” mal nişanı ilə qablaşdırılmış, yodsuz duzların topdansatış şəbəkəsi 2 ay öncə Şəmkir rayonunda ifşa edilsə də, hələ də Gəncəbasar bölgəsində satışı qadağan olunmuş bu duzların istehsalı və satışı davam edir. Təəssüf doğuran haldır ki, qanuna zidd olan işlər Səhiyyə Nazirliyi və digər yerli icra strukturlarının gözü qarşısında baş verib. Azad İstehlakçılar Birliyi əhaliyə müraciət edərək yodsuz, su ilə qarışdırıldıqda çöküntü verən rəngini bulanıq edən duzları almamağa çağırır”.
AİB sədri qeyd edib ki, 2000-ci illərin əvvəlində Azərbaycan vətəndaşlarının 70%-dən çoxunun orqanizmində yod elementi çatışmırdı, əhali müxtəlif xəstəliklərin potensial daşıyıcılarından idi: “Bazarda yodsuz duzun satışı da xəstələrin sayına mütənasib olaraq 75% səviyyəsində idi. Hazırda isə bu rəqəm 20% dəyərindədir. Bizim əsas məqsədimiz bu rəqəmi minimuma endirməkdir”.