Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin məlumatlandırılması məqsədilə Bakıda və regionlarında müxtəlif tədbirlər həyata keçirilir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin ilk maarifləndirmə tədbiri Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə keçirilib. «Öz biznes ideyanı yarat və öz biznesinə başla» mövzusunda keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Eyni zamanda Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün «Biznesin əsasları, təşkili və idarə edilməsi» mövzusunda treninq keçirilib. Tədbir iştirakçıları biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin idarə edilməsinin təşkili, biznesin təhlükəsizliyi və s. barədə məlumatlandırılıb.
Tədbirlərdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.