Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Fond Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində Fond tərəfindən Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]