Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, Fond oktyabrın 11-də Göyçay rayonunun Ləkçılpaq kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması və intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.