Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda İraqa xarici investisiyaların yatırılması üçün yaxşı şərait var və çoxsaylı xarici iş adamları İraqda bizneslə məşğul olurlar. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan İraq parlamentinin üzvü, İraqın Kərkük vilayətindən olan deputat Jalə Neftçi Bakı Ali Neft Mərkəzində keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, hazırda İraqa bir sıra xarici ölkələrdən həm dövlət, həm də özəl şirkətlər tərəfindən investisiyalar yatırılır: «Onlar qorxmadan investisiya yatırırlar, çox da faydalar görürlər. İraqa yatırımlardan çox insanlar və şirkətlər fayda götürüblər».
Jalə Neftçi bildirib ki, hazırda İraqda müxtəlif sahələrə investisiyalar tələb olunur: «İraqın çox xidmətlərə, bütün növ xidmətlərə ehtiyacı var, buna görə də hansı formada yatırım olsa, hər iki tərəfə faydalıdır».
İraqlı deputat ölkəsində təhlükəsizliklə bağlı vəziyyətin heç də xarici mətbuatda yayımlandığı kimi olmadığını göstərib. Onun sözlərinə görə, beynəlxalq xəbərlərdə İraq yalnız partlayış və ya terror aktı olanda göstərilir, amma reallıqda vəziyyət fərqlidir: «Mətbuat təhlükəsizliklə bağlı məsələləri çox qabardır, İraq kifayət qədər təhlükəsizdir. Mən hər gün Kərkükdən Bağdada qədər öz maşınımda gedib gəlirəm, heç bir hadisə baş vermir». Millət vəkili etiraf edib ki, hökumətin qərarı ilə deputatlar və məmurlara xüsusi mühafizə ayrılıb, amma əksər hallarda bunlara ehtiyac yoxdur: «Mənim 30 mühafizəçim var, amma bunları sadəcə qanunun tələbi olduğuna görə saxlayıram, yoxsa lazım deyil».