Bakı – APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Azərbaycan Gənc İş Adamları Şəbəkəsinin təşkilatçılığı və “NOVCO” şirkətlər qrupunun dəstəyi ilə Bakı şəhərində iki gün davam edən “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİŞ) İdarə Heyətinin (İH) 3-cü iclası bu gün başa çatıb.
Forumdan APA-ya verilən məlumata görə, tədbirin birinci günü İƏT GİŞ-in Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və digər ölkələr üzrə təmsilçilərinin öz ölkələrində son iki il ərzində həyata keçirilmiş layihələrlə bağlı çıxış ediblər.
İclas çərçivəsində Türkiyə, Azərbaycan və Rusiyanın gənc sahibkar təşkilatları arasında anlaşma memorandumları imzalanıb. Görüşdə İƏT GİŞ-in Avrasiya üzrə regional koordinatoru Fərid Novruzi və Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığının direktoru Bəhram Qurbanzadə qarşı razılaşma müqaviləsi imzalayıblar.
Tədbirin sonunda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təbrik nitqi ilə çıxış edərək İƏT GİŞ-in öz gələcək fəaliyyətində kreativ təşəbbüslərlə çıxış etməsini arzulayıb.
Tədbir zamanı biznes təşviqi ilə bağlı regional və beynəlxalq təşəbbüslər, xüsusilə, az inkişaf etmiş ölkələrdə gənc sahibkarlığın inkişafı və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dair məsələlər müzakirə olunub.
2011-ci ildə Bakı şəhərində təsis olunmuş DƏ-İKGF-yə bağlı olan İƏT GİŞ, İƏT ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla onlar arasında biznes məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verən biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.