Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr və Azpromo-nun fəaliyyəti barədə məlumat verib.
İtaliya biznes heyətinin rəhbəri Alfredo Mantika İtaliyada Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Görüş zamanı işgüzar əlaqələrin inkişafına dair müzakirələr aparılıb, Azərbaycanın investisiya imkanları barədə italiyalı iş adamlarına məlumat verilib.