Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 30-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Lənkəranda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, İİN, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) nümayəndələrinin və sahibkarların iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov rayonun iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında Azərbaycanın iqtisadi inkişafının davamlı xarakter aldığını, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrildiyini qeyd edib.
Tədbirdə İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”, İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı”, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov “Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı”, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rüfət Hüseynəliyev “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda məruzələrlə, o cümlədən Masallı rayonundan sahibkar Fəxrəddin Baxışov çıxış ediblər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.