Bakı – APA-Economics. Lüksemburqda keçirilən “Greater Region - Business Days” adlı beynəlxalq sərgi çərçivəsində “Azərbaycanda biznes” adlı seminar keçirilib.
Azərbaycanın Belçikadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, seminar Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN), Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, “Azpromo” və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələrinin iştirakı keçirilib.
Tədbirdə çıxış edən səfirliyin müşaviri Fərəh Gözəlova seminar iştirakçılarını salamlayaraq, Azərbaycanın hələ 1918-ci ildə İslam Şərqində ilk demokratik respublika olduğunu və qadınlara bir sıra Avropa ölkələrindən öncə səsvermə hüququ verdiyini diqqətə çatdıraraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın diversifikasiyası istiqamətində atdığı addımlardan bəhs edib.
Daha sonra İİN-in Aparat rəhbəri Samir Vəliyev, “Azpromo”nun investisiyaların təşviqi şöbəsinin marketinq üzrə meneceri Azər Hüseynov və AİŞ-in icraçı direktorunun müavini İlham Əliyev məruzə və təqdimatlarla çıxış edərək, Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, cari və perspektiv iqtisadi potensialı, investisiya imkanları və turizm və digər infrastruktur layihələri barədə ətraflı məlumat verib, lüksemburqlu iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət ediblər.
Seminar sual-cavab sessiyası ilə davam etdirilib.