Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevirdə «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.
Tədbir çərçivəsində SKMF tərəfindən Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir iplik və parça istehsalı fabrikinin, kiçik həcmli tikinti materialları istehsalı sahəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Mingəçevir şəhərində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
SKMF-ın icraçı direktoru Şirzad Abdullayev isə bildirib ki, regionlarda aqrar sahə ilə yanaşı, sənayenin inkişafı, bu sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli və ixrac yönümlü layihələrin maliyyələşdirilməsi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir: «Bu ilin ötən dövrü ərzində SKMF-ın vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 669 investisiya layihəsinin maliyyələşdirilməsinə 83 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir».
Tədbir çərçivəsində Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkar 1,3 mln. manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, ərzaq məhsulları, tikinti materialları istehsalı sahələrinə, heyvandarlığın inkişafına yönəldiləcək. Ümumiyyətlə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 273,7 mln. manat güzəştli kredit verilib.