Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirib.
Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.
Tədbirdən əvvəl Ramana qəsəbəsində əsas hissəsi SKMF-in vəsaitləri hesabına maliyyələşdirilmiş tara istehsalı müəssisəsində aparılan tamamlama işlərinə baxış keçirilib.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində SKMF tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Sabunçu rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolunu vurğulayıb, rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxış edərək, uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı qəsəbələrində icra olunan layihələr, görülən genişmiqyaslı işlərdən danışıblar.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 581 sahibkara 67,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 448 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, tərəvəzçilik sahəsinin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.