Bakı. Könül Kamilqızı - APA. Bu gün Küveytdə 18 azərbaycanlı iş adamı çalışır. APA-nın xəbərinə görə, bu barədə Küveytin sosial məsələlər və əmək naziri Zikra Ayid ər-Raşidi məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislər əsasən tibb sahəsində fəaliyyət göstərir. Nazir qeyd edib ki, Küveytin çoxlu sayda inkişaf proqramları var və azərbaycanlı mütəxəssislərin Küveyt bazarında iştirakını alqışlayır: “Ümumiyyətlə, Küveytdə işçilərin əksəriyyəti əcnəbilərdən ibarətdir. Belə ki, Küveytdə 120-dən artıq millətin 2 milyon 500 min əcnəbi işçisi çalışır. Yerli əhali isə 1 milyon 200 mindir. Bizim strategiyamız ondan ibarətdir ki, mütəxəssislərin ölkədə işləməsini təmin edək və onlar üçün şərait yaradaq. Onların hər birinin hüquqları ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq qorunur”.