Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Avropa Birliyi ölkələri, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığa böyük önəm verir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, hazırda iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və bu münasibətlər hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslanır: «Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. İndiyədək Azərbaycan və Sloveniya arasında 10 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də ticarət əlaqələridir və ölkələrimizin mövcud potensialından səmərəli istifadə etməklə qarşılıqlı ticarətin inkişafı və diverifikasiyası istiqamətində işlər davam etdirilməlidir. Bundan başqa, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır».
Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşları üçün böyük imkanların olduğunu diqqətə çatdıran Ş.Mustafayev keçirilən biznes forumun da yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinə, ikitərəfli ticarət əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, biznes forumda hər iki ölkənin turizm, enerji, İKT, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət və idman, konsaltinq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.