Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış elektron ticarət portalının (www.b2b.az) xidmətlərindən 11 minə yaxın istifadəçi yararlanıb.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və s. kimi ölkələrdən olan istifadəçilər də var. Portala yerləşdirilən biznes təkliflər əsasən qida sənayesi, logistika, İKT, təhsil və biznes xidmətləri sektorlarını əhatə edib.
Qeyd edək ki, sözügedən elektron ticarət portalı Almaniyanın GİZ təşkilatının dəstəyi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir. Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı «business to business» modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır. Portaldan istifadə pulsuzdur.