Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qəbələ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Qəbələ rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin və kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər», - deyə Nazirlikdən bildirilib.
Əlaqə telefonu: (+994 12) 434-74-29.