Qəbələ. Elvin Yaqubov - APA. Qəbələdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın “Invest in Georgia” Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə III Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.
APA-nın məlumatına mayın 25-də keçirilən forumda Azərbaycanın, Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı və digər rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət, ticarət və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, ölkələrimiz arasındakı regional əməkdaşlığın dünyada örnək olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu ölkələrimiz arasında regional strateji tərəfdaşlığın daha bir göstəricisidir. Bu forum artıq 3-cü dəfədir təşkil edilir. Bundan əvvəl Tiflis və Qars şəhərlərində keçirilən biznes-forumun növbəti tədbiri Batumi şəhərində keçiriləcək”.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan çıxışlarında Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes-forumun iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağına əminliyini bildirib.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, regional iqtisadi əməkdaşlıq perspektivlərinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov sənaye parkının yaradılması istiqamətində görülən işlərə və sənaye parkının perspektivlərinə, Gürcüstan Milli İnvestisiyalar Agentliyinin direktoru Giorgi Pertaya ölkəsinin investisiya imkanlarına dair təqdimatlarla çıxış edib. Türkiyə-Gürcüstan İş Adamları Birliyinin sədri Tuğrul Erkin və Türkiyə-Azərbaycan İş Adamları Birliyinin sədri Cengiz Gül çıxışlarında iş adamları arasındakı əlaqələrin genişləndirilməsi və rəhbərlik etdikləri qurumların bu sahədə gördüyü işlərə dair məlumat veriblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub Forumun iştirakçıları Qəbələdəki bir sıra istehsal müəssisələrinin fəaliyyəti, eləcə də Qəbələnin turizm imkanları ilə tanış olublar.