Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Quba rayonunun İkinci Nügədi kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
Tədbir çərçivəsində SKMF tərəfindən Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, intensiv bağçılıq təsərrüfatlarının, müasir alma konsentratı istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxış edərək ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Qubada görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə məlumat verib və qeyd edib ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 519 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 66,7 mln. manatdan çox güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 2 100-dən artıq yeni iş yerinin yaradılmasına imkan verir.
Qubada təşkil edilmiş «Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkar 961 min manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən bağçılıq, heyvandarlıq, gülçülük sahələrinə, istixana kompleksinin inşasına yönəldiləcək. Ümumiyyətlə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 206 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,1 mln. manat güzəştli kredit verilib.