APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sərginin qida sənayesi sahəsində əldə olunan uğurların nümayişi, bu sahədə digər ölkələrlə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi artırılır və bu sahədə sürətli inkişaf müşahidə olunur.
Sərgi barədə məlumat verən nazir müavininin sözlərinə görə, sərgidə 31 ölkədən 179 şirkət iştirak edəcək: «Bu şirkətlərdən 63-ü yerli, 116-sı isə xarici şirkətlərdir. Sərginin ümumi sahəsi 3 480 kv. metrdir. Ötən illə müqayisədə sərginin sahəsi 47% artıb, həmçinin qida üzrə sərgi 27%, kənd təsərrüfatı sahəsi üzrə isə 82% artım olub. Sərgidə göstərilən ümumi ekspozisiyaların 38%-ni yerli, 62%-ni isə xarici şirkətlər tutur».
Qeyd edək ki, «WorldFood Azerbaijan-2013» sərgisi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində isə «Iteca Caspian» və «ITE Group plc.» şirkətləri çıxış edir. Sərgidə ənənəvi olaraq, MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir.
İlk dəfə olaraq, «WorldFood Azerbaijan» sərgisində kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli qrupları da iştirak edəcək. Bu il sərginin tarixində ilk dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri də tədbirə qatılıb.