Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən “APA_Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun yaradılması, südlük istiqamətli cins keçi təsərrüfatının yaradılması və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.