Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, Fond tərəfindən Cəlilabad rayonu üzrə sahibkarlıq subyektlərindən iri taxılçılıq təsərrüfatlarının yaradılması, intensiv çiyələk əkini və emalı müəssisələrinin yaradılması, intensiv kartofçuluq təsərrüfatlarının yaradılması, kartofdan nişasta istehsalı müəssisəsinin yaradılması, üzümçülük təsərrüfatlarının və üzümqurutma müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.