Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsinə dair güzəştli kreditlərin alınması üçün Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) elektron qaydada müraciət edə biləcək. Bu barədə «APA-Economics»ə SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Onun sözlərinə görə, sahibkarlar investisiya layihələrini SKMF-in müvəkkil kredit təşkilatlarına elektron qaydada təqdim edə biləcək, müvəkkil kredit təşkilatları isə öz növbəsində bu layihələri Fonda yönəldəcək. Fond tərəfindən layihə qəbul olunduğu halda, müvəkkil kredit təşkilatlarına güzəştli kreditin verilməsi üçün müvafiq razılıq veriləcək: «SKMF bütün bu prosesi on-line şəklində izləyə biləcək. Hazırda sahibkarların elektron qaydada müraciətləri sınaqdan keçirilir. Fikrimcə, sözügedən sistem 2013-cü ilin ikinci yarısından etibarən tam işə düşəcək».
Ş.Abdullayev onu da bildirib ki, hazırda SKMF-ə 44 müvəkkil kredit təşkilatı üzv olub və onların 30-u ölkədə fəaliyyət göstərən banklardır. Sözügedən sistemə bütün müvəkkil kredit təşkilatlarının ofis və filialları qoşulacaq.