Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəki rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond oktyabrın 4-də Şəki rayonunun Aşağı Laysqı kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Şəki rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun yaradılması, müasir quşçuluq təsərrüfatının yaradılması, kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]).