Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Sudanın 4 naziri və bu ölkənin Azərbaycandakı səfirini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Sudanın investisiya naziri Mustafa Osman İsmail Elami, maliyyə və iqtisadiyyat naziri Ali Mahmud Muhammed Abdulrasul, elm və texnologiyalar naziri Eisa Buşra Mohamed, dövlət naziri Mohamed Elmuhtar Hassan Hussein və Sudanın Azərbaycandakı səfiri Muhammed Elias Mohamed Alhajdan ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Sudanın investisiya naziri M.Elami nümayəndə heyətinin geniş tərkibdə Azərbaycana səfərinin Sudanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəmin göstəricisi olduğunu qeyd edib.
Sudanlı nazir iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və mədən sənayesi sahələrində ölkəsinin böyük ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, Azərbaycan şirkətlərini Sudana dəvət edib. Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib.