Bakı – APA-Economics. Bu gün Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı ("GSP+") və onun biznes üçün əhəmiyyəti barədə məlumat verilib.
Bundan başqa, tədbirdə İİN tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilib. Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.