Bakı – APA. İstanbulda Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin üzvləri ilə işgüzar görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə tərəfdən rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin sahibkarları iştirak edib.
Tədbirdə çıxış edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan iki qardaş ölkə arasında əməkdaşlığın genişləndiyini vurğulayıb, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına önəmli töhfə verdiyini qeyd edib.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, xüsusilə qardaş Türkiyə ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini, hər iki qardaş ölkənin rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və dünyada bir örnək olduğunu vurğulayıb. Qeyd olunub ki, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib və artıq azərbaycanlı iş adamları bir sıra dost xarici ölkələrə sərmayələr yatırırlar: “Bu sahədə Türkiyə xüsusi yer tutur. Türkiyədə azərbaycanlı sahibkarların uğurlu fəaliyyəti, xarici sərmayəli müəssisələrə yatırılmış investisiyalara görə Azərbaycanın aparıcı yerlərdən birini tutması ölkələrimiz arasında günü-gündən genişlənən əlaqələrin təzahürü, Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir”.
Türkiyə-Azərbaycan İş Adamları Birliyinin sədri Cengiz Gül çıxışında Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin genişlənməsində iş adamlarının qarşılıqlı əməkdaşlığının rolunu qeyd edib və Türkiyə-Azərbaycan İş Adamları Birliyinin bu sahədə gördüyü işlər barədə məlumat verib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Türkiyə Odalar və Borsalar Birliyinin rəhbəri Halim Mete iş adamlarını Türkiyədə və Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa və əlaqələrini daha da genişləndirməyə dəvət edib.