Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının iclasında bir sıra vergi ödəyicilərinin təkrar şikayətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan «Ekspres Trans» MMC-nin rəhbəri Sarvan Qulu oğlu Qəribov Apelyasiya Şurasına müraciət edərək səyyar vergi yoxlaması nəticəsində müəssisəyə tətbiq edilmiş 20 376 manat məbləğində maliyyə sanksiyasının ləğv olunmasını xahiş edib. Vergi Apelyasiya Şurasının iclasında təqdim edilmiş əlavə sənədlər və sübutlar hərtərəfli araşdırılaraq şikayətin təmin olunması barədə qərar çıxarılıb.
Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Ella Nəriman qızı Əliyevanın operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 2 min manat məbləğində maliyyə sanksiyasının və fiziki şəxs Rauf Xəlil oğlu Osmanovun yoxlama nəticəsində kameral qaydada hesablanmış 2 414 manat məbləğində vergi məbləğinin ləğv edilməsi barədəki şikayətləri də Apelyasiya Şurasının qərarı ilə təmin olunub.
Bundan başqa, 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Səməd Məmməd oğlu Məmmədovun ƏDV qeydiyyatının, habelə kameral qaydada hesablanmış vergi məbləğinin və faizlər üzrə borcun ləğv edilməsi barədəki təkrar şikayəti araşdırılarkən müəyyən edilib ki, S.Məmmədov 25 iyul 2011-ci il tarixdə vergi uçotuna alınaraq, meyvə-tərəvəz məhsullarının topdansatışı və daşınması ilə məşğul olub. Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlara əsasən, vergi ödəyicisinin 2011-ci ilin sentyabr ayı ərzində 92 431 manat məbləğində ixrac üzrə vergi tutulan əməliyyatlar apardığı aşkarlanıb. Lakin araşdırma zamanı, vergi ödəyicisinin digər xarici ölkədəki partnyorları ilə bağlanmış «Gömrük daşıyıcısı xidməti göstərilməsi haqqında» 25 oktyabr 2011-ci il tarixli müqavilələrin qanunvericiliyin tələbinə zidd olduğu və onun bu əməliyyatları gömrük daşıyıcısı hüququ olmadan həyata keçirdiyi müəyyən edilib.
Apelyasiya Şurasında baxılmış daha bir məsələ 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Rəşid Yadulla oğlu Əliyevin operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 800 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi barədə olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Xaçmaz rayonu, Çarxı kəndində yerləşən mağazada operativ vergi nəzarəti həyata keçirilərkən alınmış mala görə ödənilmiş 20 manat məbləğində vəsait nəzarət-kassa aparatına mədaxil olunmadığı üçün həmin məbləğ nəzarət-kassa aparatına bərpa edilmiş və vergi ödəyicisinə 800 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları»nın 40-cı bəndində kassa aparatında çekin vurulması və müştəriyə qaytarılan qalığı aydın ifadə edərək çek və mal ilə birgə ona təqdim olunması satıcı-kassirin vəzifəsinə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi isə vergi ödəyicisinin vəzifələrinə aid edildiyindən, habelə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi tərəfindən il ərzində belə hallara ikinci dəfə yol verildikdə ona qarşı 800 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunduğu nəzərə alınaraq fiziki şəxs R.Əliyevin təkrar şikayəti təmin edilməyib.