Bank Of Baku

Vergi orqanları 180 mindən çox əmək müqaviləsinin bağlanılmasını təmin ediblər

Vergi orqanları 180 mindən çox əmək müqaviləsinin bağlanılmasını təmin ediblər
# 14 yanvar 2013 13:55 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində 2012-si ildə kompleks tədbirlər həyata keçirib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı tərəfindən bu sahəyə dair verilmiş tapşırıqların icrasını təmini etmək məqsədilə Nazirlikdə müvafiq Tədbirlər Planı hazırlanıb və bu sahədə işlərin koordinasiyalı qurulması və səmərəliliyin artırılması məqsədi ilə xüsusi Qərargah yaradılıb.

 

Ötən il əmək münasibətlərinə vergi nəzarətinin təşkili istiqamətində geniş təbliğat-təşviqat və maarifləndirmə işləri aparılıb. Aparılan kompleks tədbirlərin tərkib hissəsi kimi əmək müqavilələrinin bağlanılmaması meyarı üzrə bir sıra riskli vergi ödəyiciləri seçilərək və həmin vergi ödəyicilərinin fəaliyyəti müxtəlif vergi yoxlamaları ilə əhatə edilib. Yoxlamalar nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, həmin riskli vergi ödəyicilərində fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb və belə tədbirlərin nəticələri ictimaiyyətə açıqlanıb.

 

Eyni zamanda, əmək münasibətlərinə sistemli nəzarətin təşkili məqsədilə  müasir informasiya və innovativ texnologiyaların verdiyi imkanlardan istifadə etməklə Nazirlik tərəfindən işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat bazasının yaradılmasına başlanılıb. İşlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər haqqında məlumatın vahid məlumat bazasına işəgötürənlərin özləri tərəfindən də daxil edilməsi üçün müvafiq imkan yaradılıb. Vergi ödəyiciləri onlara verilmiş parol və şifrə vasitəsi ilə Vergilər Nazirliyinin internet səhifəsinə daxil olaraq işçilər haqqında məlumatı bu bazaya daxil edə biləcəklər.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində 11 yanvar 2013-cü il tarixə vergi orqanları tərəfindən 55 094 işəgötürən vergi ödəyicisi ilə 180 096 işçi arasında bağlanmış əmək müqavilələri barədə məlumatın yeni yaradılmış məlumat bazasına daxil olunması təmin edilib. Nəticə etibarilə qeyd olunan tarixə ölkədə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə müvafiq dəqiqləşmələr aparılmaqla muzdlu işlə əlaqədar işçi sayları 1 480  925 nəfərə çatdırılıb.

 

Hazırda vergi orqanları fərdi əmək fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirirlər. Məlum olduğu kimi, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər iqtisadi fəal əhalinin tərkibinə daxil edilir. Yəni, həmin şəxslər məşğul əhali hesab olunur, gördükləri işlərin müqabilində gəlir əldə edirlər. Vergilər Nazirliyi hazırda həmin şəxslərin vergi uçotuna alınaraq vergilərin düzgün ödənilməsi ilə bağlı vətəndaşlara yazılı bildirişlər göndərir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.

 

«İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması, əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək», - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR