Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar görüş keçirilib. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və 400-dək sahibkar iştirak edib.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov görüşü açaraq tədbirin məqsədi barədə danışıb. Qeyd olunub ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər Azərbaycanda partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərini qurulması istiqamətində daha bir addımdır. Görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə dəyişikliklər barədə ətraflı məlumat verib. Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişikliyin edildiyini vurğulayan idarə rəisi dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirib. Qeyd olunub ki, dəyişikliklərin əsas hissəsini sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına xidmət edən dəyişikliklər təşkil edir.
Görüşdə çıxış edən BŞVD-nin struktur bölmələrinin rəhbərləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti barədə geniş məruzələr etmiş, Məcəlləyə daxil edilmiş yeni anlayışlar, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlı müddəalar, kameral və səyyar vergi yoxlamalarına, operativ nəzarət tədbirlərinə və maliyyə sanksiyalarına edilmiş dəyişikliklər, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması və borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınmasındakı yeniliklər barədə ətraflı məlumatlar veriblər. Fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, aksiz, əmlak, torpaq, yol və sadələşdirilmiş vergilərdə edilmiş dəyişikliklər, o cümlədən ƏDV-nin ödənilməsi prosesindəki yeniliklər də vergi ödəyicilərinin nəzərinə çatdırılıb.
Görüşün sonunda vergi ödəyicilərinin müxtəlif məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb.