Bakı. Vahab Rzayev - APA-Economics. BMT-nin Baş Assambleyası «Kooperativlərin sosial inkişafda rolu» adlı qətnaməsinə uyğun olaraq 2012-ci ili «Beynəlxalq Kooperativlər İli» elan edib. Bununla əlaqədar üzv ölkələrə kooperativlərin sosial-iqtisadi inkişafda rolunun təbliğinin təşviqi tövsiyə olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bu ilin mart ayında Azərbaycanda iki fiziki şəxsin təşəbbüsü ilə «Azərbaycan Kooperativlər Assosiasiyası» İctimai Birliyi (AKA) təsis edilib.
Aprel ayından AKA-nın və «Ağdaş Kredit İttifaqı» MMC-nin təşəbbüsü ilə 13 kooperativ formalaşıb. Bunlardan 6 kooperativ ət, digərləri süd, meyvə, tərəvəz, şirniyyat istehsalı, həmçinin arıçılıq, quşçuluq, balıqçılıqla məşğul olur. Eyni zamanda, 30-dan çox kooperativ Füzuli, Bərdə, Ağdam, Beyləqan, Xaçmaz rayonlarında formalaşmaqdadır.
Hazırda kooperativlərin qarşısında duran mühüm məsələlərdən biri onların beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə olunan «Məqsədli kreditlər» təcrübəsindən istifadə etmək, bütün gücü qlobal ərzaq problemlərinin aradan qaldırılmasına və onların yerlərdəki üzvlərini kənd təsərrüfatı məhsullarının istehsalına yönəltmək, bununla da ölkələrdə kənd təsərrüfatı məhsullarının bolluğunu təmin etmək, gələcəkdə isə öz məhsullarının xarici ölkəyə ixrac edilməsinə nail olmaqdan ibarətdir.
Qeyd edək ki, AKA-nın əsas məqsədi ölkədə yeni kooperativlər yaratmaq, onları inkişaf etdirmək və bir-biri ilə əlaqələndirmək, beynəlxalq səviyyədə təmsil etmək, kooperativlərin üzvlərini təlim və məsləhət xidmətləri ilə təmin etmək, müxtəlif yerli və beynəlxalq təşkilatlarla əlaqələndirməkdən ibarətdir.
AKA Beynəlxalq Kooperativlər Alyansına üzv olmaq üçün müraciət edib və hazırda Alyansın Üzvlüyə Qeydiyyat Şöbəsi AKA-nın üzv olması məsələsində yardım göstərir.
Dünya əhalisinin böyük hissəsi kooperativlərin üzvüdür, hər bir kooperativ Milli Kooperativlər Assosiasiyalarının üzvüdür və milli assosiasiyalar isə Beynəlxalq Kooperativlər Alyansının (International Cooperatives Alliance - ICA) üzvüdür. ICA 1895-ci ildə yaradılıb və baş qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Hazırda 96 ölkənin 271 kooperativ təşkilatı Alyansın üzvüdür. Bu təşkilata üzv olan insanların sayı 1 mlrd. nəfərdən çoxdur ki, bununla da ICA dünyanın ən böyük qeyri-hökumət təşkilatı hesab olunur.