Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunun Aran qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə SKMF tərəfindən Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və istixana təsərrüfatlarının, yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxış edərək ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Yevlaxda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, bu ilin ötən dövrü ərzində 233 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27,4 mln. manat güzəştli kredit verilib: «Bu kreditlərin reallaşdırılması 1 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 261 mln. manatdan çox vəsait verilib».
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 3,6 mln. manatdan çox güzəştli kredit verilib ki, bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər heyvandarlıq, polietilen boru, qapı-pəncərə, mebel istehsalı və s. sahələrə yönəldiləcək.