Bakı – APA-Economics. Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Korporativ idarəetmə”, “Biznes planların hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
İİN-dən “APA-Economics”ə verilən məlumata görə, treninqdə iştirakçılara Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların hazırlanması" mövzusunda təqdimat keçirilib.
Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.