Paşha Bank
Bank Of Baku

Məktəblərdə vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb - FOTO

Məktəblərdə vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb - FOTO
# 12 oktyabr 2026 13:28 (UTC +04:00)

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.

APA xəbər verir ki, bununla bağlı ümumi təhsil müəssisələrində məktəb rəhbərliyi tərəfindən monitorinqlər təşkil edilib, profilaktik söhbətlər aparılıb.

Ümumtəhsil müəssisələrində şagirdlərin məktəbli formasına uyğun geyinməsi təhsil mühitində vahidliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amillərdən biridir. Bu çərçivədə məktəblərdə geyim tələblərinin tətbiqi və şagirdlər arasında bu qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə edilən dəyişikliklər məktəbli geyimləri ilə bağlı tələbləri bir daha müəyyənləşdirib. Dəyişikliklərə əsasən, təsdiq olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə icazə verilmir. Bununla yanaşı, milli geyimlərdən və onların elementlərindən Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə oluna bilər.

46 nömrəli tam orta məktəbdə valideynlərlə maarifləndirici söhbətlər aparılıb

Bakı şəhəri Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə də şagirdlərin müəyyən edilmiş məktəbli formasına uyğun geyimdə dərslərdə iştirak etmələrinə diqqət yetirilir.

Geyim qaydalarına uyğun olmayan formada məktəbə gələn şagirdlərlə fərdi qaydada söhbətlər aparılır, onlara məktəbdaxili tələblər və bu qaydalara əməl etməyin əhəmiyyəti izah olunur. Zəruri hallarda məktəbin müvafiq əməkdaşları tərəfindən maarifləndirici tədbirlər görülür və şagirdlərin geyimlərinin müəyyən edilmiş tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır.

Prosesdə valideynlərin iştirakı da nəzərə alınır. Belə ki, qayda pozuntusu ilə bağlı ehtiyac yarandıqda şagirdlərin valideynləri məktəbə dəvət edilir, onlara mövcud tələblər barədə məlumat verilir və əməkdaşlıq çərçivəsində müvafiq izahat işləri aparılır.

Övladı 9-cu sinif şagirdi olan valideyn Turanə Bayramova APA-ya bildirib ki, vahid məktəbli formasına nəzarətin gücləndirilməsi təqdirəlayiq addımdır: “Vahid məktəbli forması ilə bağlı heç bir narazılığım yoxdur. Əksinə, uşaqların məsuliyyət hiss etməsi üçün gözəl addımdır. Sadəcə bəzi nüanslar var ki, uşaqların hamısı eyni fiziki görünüşdə deyil, bədən ölçülərində fərq var. Məsələn, mənim qızım artıq çəkili olduğu üçün vahid məktəbli forması hesab edilən boz şalvarı geyinməyə kompleks edir. Boz rəngin onu daha dolu göstərdiyini düşündüyü üçün qara şalvar geyinirdi. Buna görə də dərsə buraxılmadı, dərhal məni məktəbə çağırdılar, mövcud tələblər barədə məlumat verdilər. Bundan sonra da mövcud tələblərə əməl edəcəyik. Ümumilikdə isə bu məktəbdə həmişə nizam-intizama yüksək qiymət verilib”.

Övladı 11-ci sinifdə oxuyan valideyn İnci Kərimova isə açıqlamasında vahid məktəbli forması ilə bağlı mövcud qaydalardan razılığını bildirib: “Qızım indiyədək dərsə ətəklə gəlirdi, lakin havanın soyuduğu üçün bu gün şalvarla gəlib. Vahid məktəbli formasında göstərilən şalvarı hələ almamışıq deyə bu gün başqa geyimdə gəlib. Amma dərsə buraxılmayıb. Məni çağırıb qaydalar barədə məlumatlandırdılar. Biz də qaydalara əməl edəcəyik. Vahid məktəbli forması nədirsə, qızım onu da geyinəcək. Məktəbli forması ilə bağlı nizam-intizamın gücləndirilməsini alqışlayıram. Bu, uşaqlara nizamlı olmağı, bərabərliyi öyrədir”.

1-ci sinif şagirdinin valideyni Aysel İbrahimovanın sözlərinə görə, şagirdlərin geyimlərinin intizamsız olması, məktəbli formasına uyğun olmayan geyimlər geyinməsi, həmçinin qızların məktəbə uzun dırnaqda, makyajda, saçı açıq vəziyyətdə gəlməsi məktəbliyə yaraşmayan xüsusiyyətdir: “Şagirdə kənardan baxanda həqiqətən şagird olduğu bilinməlidir. Həmçinin müəllimlər də müəllimliyə yaraşan üslubda geyinməlidir ki, uşaqlara doğru örnək ola bilsinlər. Özüm də bu məktəbi bitirmişəm. O vaxt müəllimlərin geyimləri vulqar olurdu, heç xoş görünmürdü. İndi müəllimlərin peşəsinə uyğun geyinməsi çox sevindiricidir. Uşaq müəlliminə baxıb ibrət götürür. Ona görə də bu nüanslara diqqət edilməsi çox əhəmiyyətlidir”.

Məktəbdə məktəbli formasına dair tələblərin izah edilməsi və onların icrasına diqqət yetirilməsi şagirdlərdə məsuliyyət hissinin formalaşdırılmasına, eləcə də təhsil müəssisəsində vahid geyim qaydalarının qorunmasına yönəlib.

Məktəbdə ümumilikdə 1180 şagird təhsil alır.

152 nömrəli tam orta məktəbdə də geyim qaydalarına nəzarət edilir

152 nömrəli tam orta məktəbdə də şagirdlər dərslərə məktəbli formasında gəlirlər.

Müəyyən edilmiş geyim qaydalarına uyğun olmayan geyimdə məktəbə gələn şagirdlər xüsusi ayrılmış otaqlara dəvət olunurlar. Burada məktəbin psixoloqu və həkimi tərəfindən onlarla maarifləndirici söhbətlər aparılır. Zəruri hallarda geyim və aksesuarların məktəbin daxili qaydalarına uyğunlaşdırılması təmin edilir və şagirdlər dərslərə buraxılırlar.

Eyni zamanda, həmin şagirdlərin valideynləri məktəbə dəvət olunur, onlarla izahat və maarifləndirmə işləri aparılır. Bu yanaşma məktəbdə nizam-intizamın qorunmasına və vahid geyim qaydalarına riayət olunmasına xidmət edir.

138 nömrəli tam orta məktəbdə geyim qaydalarını pozan şagirdlər və valideynlərlə söhbət aparılıb

Xətai rayonu 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli geyim qaydalarını pozan şagirdlər və onların valideynləri ilə söhbət aparıb, qərarın mahiyyətini izah edib.

Geyim qaydalarına əməl etməyən müəllimlər və şagirdlər dərsə buraxılmayıb.

189-190 nömrəli tam orta məktəbdə profilaktik söhbətlər aparılıb

Bakı şəhər 189-190 nömrəli tam orta məktəbdə vahid məktəbli forması geyinməyən şagirdlərlə profilaktik söhbətlər aparılıb.

Söhbətlər zamanı şagirdlərə vahid məktəbli formasının tətbiqinin əhəmiyyəti, məktəbdaxili qaydalara riayət olunması və təhsil müəssisələrində bərabərliyin qorunmasının vacibliyi izah edilib.

Məktəbdə tədris prosesi adi qaydada davam edib. Vahid məktəbli forması ilə bağlı müzakirələr və aparılan profilaktik söhbətlər dərs prosesinə mane olmayıb, şagirdlər təhsillərini əvvəlki qaydada davam etdiriblər.

Valideynlər, ümumilikdə, vahid məktəbli formasının tətbiqini müsbət qarşılayıblar. Onlar məktəbdə vahid geyim qaydalarının olmasını şagirdlər arasında nizam-intizamın qorunması və məktəb mühitində bərabərliyin təmin olunması baxımından müsbət qiymətləndiriblər.

Qeyd edək ki, vahid məktəbli forması ümumi təhsil müəssisələrində müəyyən edilmiş qaydalar əsasında tətbiq olunur. Məktəblərdə bu qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin təşkilinin tərkib hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR