Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platforması ətrafında qazsızma ilə bağlı çəkiliş aparılıb
# 23 sentyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasında baş vermiş qaz sızması ilə bağlı məlumatlar araşdırılır. Bunu APA-ya açıqlamasında «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
T.Bayatlının sözlərinə görə, hadisə ilə bağlı işçilər platformadan uzaqlaşdırılıb və oradakı bütün əməliyyatlar dayandırılıb. «Qərbi Azəri» platformasında neft və qazın hasilatı «Mərkəzi Azəri» platformasında texnoloji emaldan keçir. Bu səbəbdən «Qərbi Azəri» platformasında da iş dayandırılıb.
Artıq bir həftədir suda müşahidə olunan qazın hansı mənşəli olması istiqamətində araşdırma aparılır. İndiyə qədər iki dəfə vertolyotla uçuş keçirilib, video və foto çəkiliş aparılıb. Həmçinin, tədqiqat işləri üçün uzaqdan idarə olunan gəmidən də istifadə olunur: «Həmin gəmi məlumatları bizə çatdırıb və hazırda bu məlumatların təhlili prosesi gedir. Ümid edirik ki, bu məlumatlar bizə atacağımız addımı müəyyənləşdirməyə yardım edəcək».
Qeyd edək ki, sentyabrın 17-də səhər saatlarından «BP-Azerbaijan» şirkətinin 5 hasilat platformasından biri – «Mərkəzi Azəri» ətrafında suda qazsızma müşahidə olunub. Nəticədə, «Mərkəzi Azəri» və «Qərbi Azəri»də hasilat dayandırılıb, işçi heyəti evakuasiya olunub, ümumi hasilatın gündəlik səviyyəsi isə (842 min barel) təxminən 50% aşağı düşüb.
Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR