Bank Of Baku

Azərbaycanda işıq pulunun yeni ödəniş sistemləri tətbiq olunur

Azərbaycanda işıq pulunun yeni ödəniş sistemləri tətbiq olunur
# 19 may 2009 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsində yeni xidmətin tətbiqinə başlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin informasiya texnologiyaları idarəsinin rəisi Qalib Həmidov məlumat verib.

Q.Həmidovun sözlərinə görə, artıq «Bakıelektrikşəbəkə»nin abonentləri borclarını qurumun internet saytına daxil olmaqla, plastik kartlar vasitəsi ilə ödəyə biləcəklər. Ödəniş bütün kartlar vasitəsi ilə aparılır. «Bakıelektrikşəbəkə» ASC-nin abonentləri internet saytında (www.bes.az) müvafiq bölməyə daxil olub, abonent kodunu, kartın üzərindəki adı və şifrəni yazmaqla istədiyi məbləğdə vəsaiti «Bakıelektrikşəbəkə»nin hesabına köçürə bilər. Bu zaman şəxsi elektron poçt ünvanını daxil etməklə ödənişi təsdiqləyən çek də almaq mümkündür.

«Bu xidmət çox güclü təhlükəsizlik sistemi ilə qorunur. Burada 3D Seucurity sistemindən istifadə etmişik», - deyə Q.Həmidov vurğulayıb.

Q.Həmidov bildirib ki, «Bakıelektrikşəbəkə» bununla yanaşı bir neçə aydır «Pay Point» şirkəti tərəfindən dayanacaqlarda, metro stansiyalarında qurulan köşklərdə on-line ödəmə xidmətindən də istifadə edir. Hazırda on-line ödəniş aparan abonentlərin sayı 5 mindən artıqdır.

Q.Həmidovun sözlərinə görə, səhmdar cəmiyyəti kommersiya abonentlərinə isə borcları barədə məlumatların SMS vasitəsi ilə çatdırılması xidmətini tətbiq edir. Bu abonent qrupuna hər ay göndərilən SMS bildirişlərin sayı 20-25 min aralığında dəyişir.

Səhmdar cəmiyyətinin nümayəndəsi onu da qeyd edib ki, hazırda «Bakıelektrikşəbəkə» ASC-nin 680 mindən artıq abonenti var və bunun 40%-ə yaxını intizamlı abonentlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR