Bank Of Baku

IFC: Azərbaycan şirkətləri enerji məsrəflərini 20% azalda bilər

IFC: Azərbaycan şirkətləri enerji məsrəflərini 20% azalda bilər
# 20 may 2009 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən iki şirkətlər il ərzində enerjiyə olan məsrəflərini 20%-ə qədər azaltmaq iqtidarındadır. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) apardığı tədqiqatın nəticələrinə həsr olunmuş hesabatda bildirilir.

«Enerji səmərəliyi: davamlı inkişaf üçün yeni vasitə» adlı hesabatda həmçinin qeyd olunub ki, Azərbaycanın sənaye müəssisələri getdikcə daha iddialı enerji səmərəliliyi planlarını maliyyələşdirib icra etməklə öz enerji xərclərini xeyli azalda bilər. Bunu etmək üçün Azərbaycan şirkətləri enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsindən yarana biləcək birbaşa faydaları dərk edərək müvafiq sahələrdə bilgi və təcrübələrini artırmalıdır.

«Azərbaycan sənayesi regionda ən enerji tutumlu iqtisadiyyatlar sırasındadır. Azərbaycan şirkətləri enerji sərfinin azaldılmasından əldə edilə bilən qənaəti lazımınca dəyərləndirməlidir. Banklar da enerji səmərəliliyinin maliyyələşdirilməsini yararlı kredit məhsulu kimi dəyərləndirməlidir və digər bazarlarda olan belə məhsulları daha yaxşı başa düşməlidir. Azərbaycan hökuməti də ölkənin dayanıqlı inkişafını və enerji təhlükəsizliyini təmin etmək məqsədilə enerji səmərəliliyini təşviq edən normativ bazanın təkmilləşdirilməsində daha fəal olmalıdır», - deyə hesabatda deyilir.

Qeyd edək ki, hesabat IFC-nin 2008-ci ildə apardığı tədqiqata əsaslanır. Tədqiqat çərçivəsində Azərbaycanın 100 iri şirkəti sorğuda iştirak edib. Nəticədə, enerji qənaəti potensialından yararlanmaq üçün Azərbaycan öz iqtisadiyyatının enerji tutumunu azaltmalı, sənayedə rəqabət qabiliyyətini artırmalı və ətraf mühitin təmizliyinin qorunmasını təşviq etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR