Bank Of Baku

Natiq Əliyev: «Azərbaycan təbii qazının ixracı ilə bağlı bütün layihələri dəstəkləyir»

Natiq Əliyev: «Azərbaycan təbii qazının ixracı ilə bağlı bütün layihələri dəstəkləyir»
# 22 may 2009 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Nabucco» qaz kəməri layihəsinin reallaşması digər layihələrlə müqayisədə daha mürəkkəbdir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, «Nabucco» ilə bağlı müzakirələr xeyli vaxtdır aparılmasına baxmayaraq, bəzi məsələlər bu günədək həllini tapmayıb: «Layihənin reallaşması ilə bağlı dövlətlərarası sazişlər və tranzit sazişləri yoxdur. Yalnız iyunun sonunda Türkiyə və Avropa İttifaqı arasında layihənin reallaşdırılmasına dair sazişin imzalanacağı gözlənilir».

«Hansı layihə birinci reallaşacaq, o bizim üçün prioritetdir. Bizim üçün fərqi yoxdur, Azərbaycan qazı İtaliyaya satılacaq və ya Bolqarıstana», - deyə N.Əliyev vurğulayıb.

Nazir onu da qeyd edib ki, Azərbaycan təbii qazının ixracı ilə bağlı bütün layihələri dəstəkləyir.

Qeyd edək ki, «Nabucco» boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi investisiya dəyəri 7,9 mlrd. avrodur (12,3 mlrd. ABŞ dolları).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR