Bank Of Baku

Bakıda keçiriləcək “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi və Konfransına qatılacaq şirkətlərin sayı artıb

Bakıda keçiriləcək “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi və Konfransına qatılacaq şirkətlərin sayı artıb
# 01 iyun 2009 13:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sabah Bakıda 16-cı “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi və Konfransı başlayır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə tədbirin açılışına həsr olunmuş mətbuat konfransında sərginin təşkilatçısı, Böyük Britaniyanın “İTE Group PLC”nin baş direktoru Edvard Stroun məlumat verib.

E. Strounun sözlərinə görə, sərgidə 22 ölkədən 300-dək şirkət iştirak edəcək. Bunlardan 80-ə qədəri sərgiyə yeni qatılanlardır.

«Hər il sərginin ekspozisiya sahəsi 10% artdığı halda, bu il bu göstərici 22% təşkil edir. Bu il Azərbaycan bazarına ilk dəfə çıxan çoxlu sayda yeni şirkət var. Onlar builki sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini təşkil edirlər», - deyə E. Stroun vurğulayıb.

«İTE Group PLC»nin Neft-Qaz Departamentinin direktoru Rüxsarə Liberman isə bildirib ki, sərgi və konfransa Sənaye və Energetika Nazirliyi və ARDNŞ tərəfindən dəstək verilir. Böyük Britaniyanın “İTE Group PLC” şirkəti Azərbaycanın Sənaye və Ticarət Palatası ilə birgə sərginin təşkilatçıları qismində çıxış edir. Layihə üzərində işə həmçinin “İTE Group PLC” şirkətinin tərəfdaşları – “İteca Caspian LLC” (Azərbaycan), “İTE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GİMA” (Almaniya), “İTE China” (ÇXR), “İTE Gulf” (BƏƏ) kimi şirkətlər cəlb olunub.

Sərginin 40%-dən çox hissəsi dünyanın tanınmış şirkətləri tərəfindən tutulub ki, onların da bir çoxu Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçısıdır. Bu şirkətlərin arasında BP, “İtochu”, “OMV Gas İnternational GmbH”, ARDNŞ, “StatioilHydro ASA”, “Total”, TPAO və s. şirkətlər var. Bu il Çin və Almaniyanın milli qrupları da sərgidə iştirak edəcək.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın dövlət başçısının egidası altında keçirilən sərginin rəsmi açılış mərasimində 20 ölkənin sənaye nazirliklərinin rəhbərləri və nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR