Bank Of Baku

Azərbaycan paytaxtında 16-cı “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi-Konfransı keçirilir - FOTOSESSİYA

Azərbaycan paytaxtında 16-cı “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi-Konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 iyun 2009 10:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov, Elbrus Seyfullayev-APA-Economics. Bu gün Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi-Konfransı başlayıb. «APA-Economics»in məlumatına görə, sərginin açılışında prezident İlham Əliyev də iştirak edib. Açılışda qeyd olunub ki, sərgidə 22 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Onlardan 60-ı ilk dəfədir ki, sərgiyə qatılıb. O da bildirilib ki, sərginin keçirilməsi neft və qaz sənayesinin inkişafına yönəlib.

Sərgidə Azərbaycan prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib ki, 1994-cü ildən başlayaraq Azərbaycanın neft-qaz sektoruna diqqət artıb, həmin il “Əsrin kontraktı” imzalanıb: “Baxmayaraq ki, həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət sabit deyildi, ölkə çox riskli hesab olunurdu, belə bir müqavilə imzalandı. Belə bir vaxtda bu, çox böyük hadisə idi”. Azərbaycanın qitənin enerji təhlükəsizliyində böyük rol oynadığını qeyd edən prezident neft amilinin ölkəmiz üçün məqsəd yox, vasitə olduğunu bildirib.

İ. Əliyev onu da deyib ki, növbəti addımlar da ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət edəcək, eyni zamanda beynəlxalq səviyyədə öz töhfəsini verəcək.

Gürcüstanın baş naziri Nika Gilauri isə bildirib ki, Azərbaycanın regionda enerji təchizatçısı rolunun artması paralel olaraq Gürcüstanın tranzit imkanlarını artırır.

«Regionun enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Bu eyni zamanda Gürcüstanın da Avropanın enerji təchizatında tranzit ölkəyə çevrilməsinə imkanlar yaradır», - deyə nazir vurğulayıb.

Gürcüstanın baş naziri onu da əlavə edib ki, cari ilin yanvarında bütün Avropa qaz böhranı ilə üzləşsə də, heç bir qaz hasilatı olmayan Gürcüstan Azərbaycanın bilavasitə yardımı ilə bundan problemsiz ötüşüb.

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Yusif Yazar isə Cənubi Qafqaz regionunda Azərbaycan tərəfindən reallaşdırılan enerji layihələrinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir müavini yaxın vaxtlarda «Nabucco» layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilənin imzalanacağını vurğulayıb.

ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar isə Azərbaycanın enerji təchizatında lider ölkə olmaqla yanaşı, həm də mühüm tranzit ölkə olduğunu qeyd edib. Morninqstar ABŞ prezidenti Barak Obamanın sərgi ilə bağlı Azərbaycan prezidentinə ünvanladığı məktubu oxuyub.

Qeyd edək ki, sərgi Böyük Britaniyanın “İTE Group PLC” şirkətinin təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR