Bank Of Baku

Bakıda XVI Beynəlxalq Xəzər Neft-Qaz Konfransı başlayıb

Bakıda XVI Beynəlxalq Xəzər Neft-Qaz Konfransı başlayıb
# 03 iyun 2009 08:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev qeyd edib ki, bəzi proqnozlara əsasən Xəzər regionunda 200 mlrd. barel həcmində neft ehtiyatı mövcddur: «Bu da, Amerikanın neft ehtiyatlarına bərabərdir. Bəziləri isə Xəzərdə olan neft ehtiyatlarını proqnozlardan az olduğunu bildirir. Bütün bunlara baxmayaraq deyə bilərəm ki, digər regionlara baxanda Xəzərdə risklər böyükdür».Nazir həmçinin qeyd edib ki, 2015-2025-ci illərdə Azərbaycanın stabil neft hasilatı 65 mln. ton, qaz hasilatı isə 40 mlrd. kubmetr təşkil edəcək.

Ölkədə neft-qaz sahəsinə yatırılan investisiyalardan danışan N. Əliyevin sözlərinə görə, Xəzərdə kəşfiyyat və hasilat işlərinə 10 il əvvəlki proqnozlara əsasən 200 mlrd. ABŞ dolları investisiya yatırılmalıdır. Lakin nazir hesab edir ki, hazırkı şəraitdə investisiyaların həcmi göstərilən proqnozdan iki dəfə artıq ola bilər: ««Azəri-Çıraq-Günəşli» yataqlar blokuna 8 mlrd. dollar sərmayə tələb olunduğu halda bu günədək 20 mlrd. dollar sərmayə yatırmışıq ki, tələb olunan investisiya iki dəfədən çox artıb».
N. Əliyev həmçinin Xəzərin enerji resurslarının nəqli ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırıb və qeyd edib ki, Azərbaycan tərəfi kəmərlərlə bağlı öz problemlərini həll edib və Azərbaycan bütün istiqamətlərdə tranzit layihələri dəstəkləyir.

Tədbirdə çıxış edən ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar qeyd edib ki, Xəzər regionunun enerji resursları ABŞ və Avropa üçün vacibdir: «Ötən il Gürcüstan, bu ilin əvvəlində isə Ukraynada yaranmış problemlər Avropanın qaz təchizatına alternativ mənbə olaraq Xəzər regionuna diqqətini artırıb». ABŞ-ın “Nabucco” və Yunanıstan-İtaliya qaz marşrutlarını dəstəklədiyini bildirən R. Morninqstar onu da qeyd edib ki, ABŞ həmçinin enerji məsələləri üzrə Rusiya ilə əməkdaşlığı davam etməkdə maraqlıdır.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun rolu, Xəzərdə kəşfiyyat və hasilat perspektivləri, Azərbaycanın neft-qaz sektoruna investisiya qoyuluşları, Xəzərin enerji resurslarının mənimsənilməsi və dünya bazarlarına nəqli, regionda beynəlxalq nəql layihələri və bir sıra digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR