Bank Of Baku

Bakıda NATO-nun «Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar» mövzusunda seminarı keçirilir

Bakıda NATO-nun «Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar» mövzusunda seminarı keçirilir
# 10 iyun 2009 09:46 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, seminarda NATO və Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə yanaşı xarici ölkələrin diplomatik korpuslarının rəhbərləri də iştirak edib.

NATO-nun Müdafiə və İqtisadi Təhlükəsizlik Direktoratlığının rəhbəri Maykl Qaul bildirib ki, aparılan tədqiqatlara görə, 2030-cu ilədək dünyada enerjiyə tələbat 15 dəfəyədək artacaq. Tələbatın sürətlə artmasını nəzərə alan dövlətlər də əsas diqqəti bu sahəyə yönəldir.

«Enerji infrastrukturlarına hücumlar, dəniz quldurlarının aktivləşməsi böyük iqtisadi itkilərlə nəticələndiyindən bəzən enerji təhlükəsizliyi hərbi xarakter daşıyır. Burada siyasi və iqtisadi təsirlər də rol oynayır. Məsələn, Rusiya və Ukrayna arasında yaranan problem NATO ölkələrini təsir altında qoydu», - deyə M.Qaul vurğulayıb.

NATO rəsmisi alyansın problemin həll yolu kimi enerji marşrutlarının diversifikasiyasını, habelə milli və koordinasiya olunmuş şəkildə infrastrukturun mühafizəsinin bu sahədə mühüm saydığını qeyd edib. M.Qaul bu kontekstdə Xəzərin enerji resurslarının Avropaya nəqli marşrutlarında infrastrukturların qorunmasının vacibliyini vurğulayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov isə rəsmi Bakının enerji təhlükəsizliyi məsələsinin NATO çərçivəsində müzakirəsini müsbət qarşıladığını qeyd edib. Enerji təhlükəsizliyini sırf hərbi-təhlükəsizlik anlayışı olmadığını deyən nazir müavini bunun siyasi təsirlərdə həssas rol oynadığını vurğulayıb.

«Əsas maraq NATO-nun enerji təhlükəsizliyində rolu ilə bağlıdır. Bu təhlükəsizliyin təmin olunmasında təchizatçılar və istehlakçılarla yanaşı tranzit ölkələrin də maraqları nəzərə alınmalıdır. Ümumilikdə, enerji təhlükəsizliyi əməkdaşlığı sahəsində strategiya hazırlanmalıdır», – deyə A.Əzimov qeyd edib.

A.Əzimov onu da əlavə edib ki, gələcəkdə NATO-nun dəstəyi ilə Azərbaycanda enerji təhlükəsizliyi üzrə beynəlxalq treninq mərkəzi yaradıla bilər.

Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku isə NATO-nun Qara dəniz və Xəzər dənizi regionunda təhlükəsizliyin təmin edilməsi sahəsində rolunu getdikcə artıracağına ümid etdiyini bildirib. Alyansın enerji təhlükəsizliyində mühüm rol oynaya biləcəyini deyən B.Auresku buna misal olaraq Aralıq dənizindən keçən kəmərlərin və digər infrastrukturların mühafizəsini göstərib: «Bu gün NATO kiber-təhlükəsizlik, dəniz quldurları ilə mübarizə və s. kimi proseslərdə iştirak edir. Alyansın kifayət qədər təcrübəsi var və eyni zamanda enerji təhlükəsizliyinin müxtəlif aspektlərdən təmin olunmasında iştirakı edə bilər».

Qeyd edək ki, iki gün davam edəcək seminarda enerji infrastrukturlarının mühafizəsi, mümkün təhdidlər, enerji təhlükəsizliyində əməkdaşlığın rolu və s. məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR