Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi ilə biznes mühitinin daha da yaxşılaşdırılmasına nail olmaq mümkün olacaq.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev qeyd olunan Yol Xəritəsinin təqdimatı çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, elektrik təchizatı şəbəkəsinə qoşulması prosedurlarının daha da sadələşdirilməsinə və şəffaflaşdırılmasına nail olmaq mümkün olacaq.
Nazir müavini onu da qeyd edib ki, Yol Xəritəsi dörd əsas istiqaməti əhatə edir. Bunların sırasında qoşulmanın hüquqi bazanın təkmilləşdirilməsi, qəbul edilmiş qaydaların tətbiqinin səmərəliliyinin təmin edilməsi, prosedurların şəffaflığı ilə bağlı zəruri tədbirlərin görülməsi və ictimaiyyətin məlumatlandırılması kimi tədbirlər yer alır.
Qeyd edək ki, Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator, 5 komponent və 10 alt komponent üzrə 21 tədbir öz əksini tapıb. Bu tədbirlər əsasən elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə normativ hüquqi baza, kommunal xidmətlərin təhlükəsizliyi və təchizatın keyfiyyəti, tariflər və digər istiqamətləri əhatə edir.